Interposta.Info

Milli komandamız Hollandiya və Polşaya rəqib oldu

İdman
 3-10-2019, 09:27     10 354

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri dəqiqləşib.

Qaynarinfo-nun məlumatına görə, yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq.

Hələlik baş məşqçisi olmayan komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26