Interposta.Info

Cüdoda tətbiq olunacaq

İdman
 10-01-2017, 21:22     582

 Cüdoda tətbiq olunacaq

Cüdo idman növünün qaydalarındakı yeni dəyişikliklər İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) hakimlər və məşqçilər üçün Bakıda təşkil etdiyi seminarda nümayiş etdirilib.
interposta.info bildirir ki, bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Fariz Hüseynov məlumat verib.

O, yeni qaydaların sınaq xarakterli olduğunu bildirib: "Yeni qaydalar avqustda keçiriləcək dünya çempionatına qədər sınaqdan çıxarılacaq. Qaydalar müsbət effektli olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər tətbiq ediləcək".

F.Hüseynov cüdo görüşlərində hakimlərin sayının azaldığını da açıqlayıb. Onun sözlərinə görə, görüşləri yalnız bir hakim idarə edəcək: "Bu addım tamaşaçıların anlamasını da asanlaşdırır. Əvvəl zala girən adam baxırdı ki, iki nəfər görüşür, ancaq 3 hakim var. İndi isə görüşləri bir hakim idarə edəcək. Bu da kənardan cüdonu qavramaq üçün daha asandır".
Komitə sədri ümumilikdə cüdo qaydalarında bir neçə dəyişikliyin olduğunu söyləyib:
"Bundan sonra kişi və qadınların görüşləri 5 dəqiqə yox, 4 dəqiqə davam edəcək. Yarışın 4 dəqiqəsində hansısa idmançı texniki fənd göstərməsə, qalib cərimə xallarına əsasən müəyyənləşməyəcək və görüş qızıl xala doğru gedəcək. Bu zaman ilk texniki fəndi edən idmançı qalib gələcək. Üstəlik, 3 cərimə xalı olan idmançı da məğlub sayılacaq. Yuko fəndi tamamilə ləğv olunub. Bundan sonra yukoya da vaza-ariyə vaza-ari xalı veriləcək. Əvvəl iki vaza-arı ippona bərabər idisə, indi həmin fəndlərin sayı məhdudlaşdırılmayacaq. Üstəlik, cərimə xallarının sayı 4 yox, 3 olacaq. Artıq 3 cərimə alan idmançı məğlub olacaq. Ayaqdan hücum və ya müdafiə qaydalarında da dəyişiklik edilib. Əvvəllər bu, birbaşa məğlubiyyət idisə, indi ilk ayaqdan tutmağa şido, ikinci dəfədə isə məğlubiyyət verilir. İdmançıları, yeniyetmələri fəqərə zədəsindən, onurğa fəsadlarından qorumaq üçün də dəyişiklik edilib. Artıq başın yerə dəyməsinə ippon yox, hansuki veriləcək. Əvvəlki qaydalara əsasən, baş yerə dəydisə, sən vəziyyətdən vaza-ari ilə də çıxa bilərdin. Amma indi bu fəndə birbaşa məğlubiyyət verilir".

F.Hüseynovun sözlərinə görə, yeni qaydalar bir neçə gün sonra keçiriləcək Bakı birinciliyində tətbiq olunacaq:
"Həmin seminardan sonra biz Azərbaycanın bütün məşqçi və hakimlərini Bakıya dəvət edib, onlarla görüşdük. Seminar təşkil etdik və bütün yeni qaydaları onların diqqətinə çatdırdıq. Bu səbəbdən, düşünürəm ki, birincilikdə yeni qaydaların tətbiqi heç bir problem yaratmayacaq".

Qeyd edək ki, yanvarın 6-da Bakıda İJF-nin hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar start götürüb. İki gün davam etmiş seminarda 99 ölkədən 370 şəxs iştirak edib. Yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26