Interposta.Info

Tikinti baronlarının və kustar metaləritmə sexlərinin nəzərinə: yoxlamalar başlayır

Manşet
 13-06-2019, 18:38     10 429

Bu gün prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyən sərəncam imzalayıb.

İnterPosta.info
rəsmi KİV-lərə istinadən xəbər verir ki, həmin dəyişikliklər aşağıdakı şəkildədir:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202) 2.1-ci maddəsinə “ilə bağlı yoxlamalar,” sözlərindən sonra “yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,” sözləri əlavə edilsin.

Bu isə o deməkdir ki, yoxlamaların dayandırılması haqqında moratorim tikinti sahəsində qismən dayandırılır. Yəni müvafiq səlahiyyətli dövlət strukturları tikinti sahəsində yoxlamalar apara biləcəklər.

Dəyişikliklər ona görə mühümdür ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasından sonra tikinti sahəsində fəaliyyət göstərən bir çox sahibkarlar bundan sui-istifadə edirdilər və tikinti normalarının ən müxtəlif formalarda pozulmasına yol verirdilər. O cümlədən tikintidə heç bir standarta cavab verməyən keyfiyyətsiz armaturlardan istifadə geniş yayılıb və bu mövzuda virtualaz.org və haqqin.az saytları dəfələrlə araşdırmalar aparıb. İndi qanuna edilmiş dəyişikliklər tikinti baronlarının fəaliyyətini yoxlamağa imkan verir ki, bu da tikinti normalarına əməl edilməsi baxımından zəruri idi.

Habelə Bakı və ətraf qəsəbələrə, Sumqayıt ərazisində fəaliyyət göstərən onlarla kustar metaləritmə sexlərinin fəaliyyətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi formal cərimələr istisna olmaqla, müdaxilə edilmirdi. Hər dəfə müvafiq dövlət strukturları yoxlamaların dayandırılmasını əsas gətirirdilər. İndi isə qanuna edilmiş və prezident tərəfindən təsdiqlənmiş dəyişikliklər həm də belə müəssisələrin fəaliyyətini yoxlamağa qanuni əsas yaradır. Çünki həmin kustar sexlər “təhlükə potensiallı obyektlər” kateqoriyasına aid edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26