Interposta.Info

Ekspert: “Kənd təsərrüfatı istehsalının artımı haqqında rəsmi məlumatlar doğru deyil”

İqtisadiyyat / Ölkə
 8-08-2019, 09:08     10 466

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli “Amerikanın Səsi”nə müsahibəsində kənd təsərrüfatı məhsullarının istehsalı və bazar qiymətlərindən danışıb.

Sual: Hökumət rəhbərləri ölkədə kənd təsərrüfatı məhsullarının bu il daha çox istehsal edildiyini bildirir. Siz necə düşünürsünüz?

Cavab: Ümumiyyətlə, indi kənd təsərrüfatı məhsullarının statistikası, demək olar ki, bir neçə dövlət qurumu tərəfindən həyata keçirilir. Statistika Dövlət Statistika Komitəsinin yerlərdəki nümayəndələrinin köməyi sayəsində və digər tərəfdən, artıq Kənd Təsərrüfatı Nazirliynin yerlərdə yaratdığı, əvvəllər Kənd Təsəsrrüfatı İdarələri adlanan, indi isə Aqrar İnkişaf Mərkəzləri adlanan qurumlar tərəfindən aparılır. Statistika həmin qurumlar tərəfindən qeyri-formal olaraq həyata keçirilir. 2015-ci ildən bəri, demək olar ki, kənd təsərrüfatı məhsulları istehsalında adekvat olmayan rəqəmləri görürük. Yəni, reallıqla uyğun gəlməyən rəqəmləri görürük. Bu da ondan xəbər verir ki, – məhz həmin ildə o qurumların (Kənd Təsərrüfatı İdarələri) yaradılması, təxminən 800 nəfər işçi cəlb edilməsi, hər rayonda 15 nəfərə yaxın mütəxəssisin işləməsi, – onlar çalışır ki, iş görüntüsü yaratsınlar. Çox təəssüflər olsun ki, bir müddət əvvəl, 2009, 2010-cu illərdə buraxılmış səhvlər təzədən təkrar olunur. Yəni istehsalla bağlı rəqəmlərin şişirdilməsini müşahidə edirik. Bir müddət əvvəl bu, subsidiya ilə bağlı idi. Bilirsiniz ki, sahələri çox göstərirdilər, istehsal göstəricilərini artırırdılar. İndi də, görünür, ümumiyyətlə, çalışırlar görüntü yaratsınlar ki, yerlərdə olan kadrlar guya işlə məşğuldur. Guya istehsal artır. Ona görə də, bəli, rəqəmlərdə biz artım görürük. Çox təəssüflər olsun ki, bu, reallıqda belə deyil və bazarda da özünü göstərir.

Sual: Bu günlərdə prezidentin yanında keçirilən iclasda dövlət başçısı taxıl istehsalının 40 faiz, bostan məhsullarının 40 faiz, meyvə istehsalının 20 faiz, tərəvəz istehsalının 14 faiz artdığını bildirib. Məhsul istehsalında belə artımın daxili bazarda qiymətlərə təsiri varmı?

Cavab: Əlbəttə, əslində istehsal artıbsa, qiymət düşməli idi. Əgər təklif artıbsa və onu da deyim ki, tələb indi əvvəlki illərdən fərqli olaraq, aşağı düşüb. Yəni əhalinin alıcılıq qabiliyyəti get-gedə aşağı düşür. İndi yəqin bir müddətdən sonra dövriyyəyə əlavə vəsait buraxılacaq. Yəni, bəzi sahələrdə əmək haqqının artırılması ilə bağlı, ola bilsin, qiymət artımı baş versin. Ancaq indiki halda, baxın, biz bir sıra məhsulların qiymətində ciddi artım görürük. Məsələn, dövlət başçısı deyir ki, taxıl istehsalı 40 faiz artıb. Təsəvvür edin ki, keçən illə müqayisədə taxılın qiyməti 100 faiz bahalaşıb. Yəni, keçən il əgər bu vaxt taxılın 1 kiloqramının qiyməti 22 qəpik idisə, indi 45 qəpiyə qalxıb. Yəni iki dəfə, 100 faiz qalxıb. Əslində belə olmalı deyildi. Onu da deyim ki, keçən il taxıl istehsalında 360 min ton artım göstərilib. Bu, o demək idi ki, bu il taxıl idxalı azalmalıdır. Ancaq biz nə gördük? İlin əvvəlində unun qiyməti bahalaşdı. Bu ilin altı ayında taxıl idxalı artdı. Keçən ilə nisbətən taxıl idxalı təxminən 40 min ton artıb. Digər tərəfdən, taxılın qiyməti iki dəfə bahalaşıb. Belə olmur. Yəni, əgər taxıl istehsalı həqiqətən də 40 faiz artıbsa, bu, özünü bazarda göstərərdi. Qiymətlər kəskin şəkildə aşağı düşməli idi. Yaxud da Azərbaycanın ixrac qabiliyyəti olmalı idi. Təsəvvür edin, bunların hesabı ilə Azərbaycanda bu gün 4,5 milyon ton taxıl olmalıdır. Hanı, Azərbaycanda bu qədər anbar varmı? Təəssüflər olsun ki, bilirsiniz, bunlar çalşır ki, rəqəmləri artıq göstərib iş görüntüsü yaratsınlar. Ancaq bu alınmır. Alnmır, ona görə ki, reallıqda, birincisi, bu il taxılda çox ciddi geriləmə var. Biz yerlərdə monitorinq aparmışıq. Bilirsiniz ki, yabanı vələmir bu il geniş yayılmışdı. Ona görə də bir çox ərazilərdə yanğın oldu. Yəni, kəndlilər, fermerlər bunu həyata keçirirdi. Ona görə ki, o ərazidən nə buğda, nə də arpa götürmək mümkün deyildi. Orada yabanı vələmir geniş yayılmışdı. Məhsuldarlıq kəskin şəkildə aşağı düşmüşdü. Digər sahələrdə də baxın, bu il biz nə görürük? Tərəvəz məhsullarının qiymətinin artımını görürük. Pomidorun qiyməti keçən ilə nisbətən iki dəfə bahadır. Kartofun qiyməti bahadır. Digər tərəvəz məhsullarının qiymətində də bahalaşma görürük. Baxmayaraq ki, keçən ilə nisbətən meyvə-tərəvəz idxalı da artıb. Düzdür, ixrac da artıb. Ancaq idxal da artıb. Əhalinin alıcılıq qabiliyyəti artmayıb ki? Necə olur, bunlar dediyi kimi, istehsal – məsələn, qarpız istehsalı, orada əsasən qarpız istehsalı nəzərdə tutulur – 40 faiz artıb. Bu, o demək idi ki, biz indi qarpızı 10 qəpiyə almalı idik. Ancaq bu gün qarpızın 1 kiloqramının qiyməti 30 qəpikdən bahadır.

Sual: Kənd təsərrüfatı sahəsində aparılan islahatlara münasibətiniz necədir?

Cavab: Bilirsiniz, ümumiyyətlə kənd təsərrüfatı sahəsində islahat istehsal göstəricilərini şişirdib, onu ictimayyətə təqdim etmək demək deyil. Çox ciddi işlər görülməlidir. Birincisi, kiçik ərazilər birləşdirilməlidir. Bu istiqamətdə hər hansı addım atılmır. İkincisi, kənd təsərrüfatında çox ciddi problem var. Suvarma suyuna olan tələbatın ödənilməməsi ilə bağlı problem hələ ki, həllini tapmır. Texnika ilə bağlı problemlər var. Baxın, əkin, səpin, biçin işləri vaxtlı-vaxtında həyata keçirilmir. Bu istiqamətdə də hökumət öz siyasətini müəyyən etməlidir. Nə etmək lazımdır ki, bu problemlər öz həllini tapsın. Yəni, dövlət bu işlə məşğul olmalı deyil. Dövlət bu yükü öz boynundan götürməlidir. Bu iş biznes mənsublarının işi olmalıdır. Məsələn, su təminatı, texnika təminatı, digər istehsal sahələri ilə bağlı təminat biznesin işi olmalıdır. Çox təəssüflər olsun ki, aqrolizinq bu işlə məşğul olurdu. Biz də uzun müddət tənqid etdik. İndi artıq bu istiqamətdə geri çəkiliblər. Ancaq, bu gün Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti öz işinin öhdəsindən gələ bilmir. Bu da Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən işdir ki, kəndlilərin problemini həll etmək üçün hökumətlə birgə siyasəti müəyyən etsin. Bu sahədə hələ görüləcək işlər çoxdur. Amma mən hər hansı ciddi addım atıldığını, çox təəssüf ki, görə bilmirəm.

Qeyd: Kənd Təsərrüfatı Naazirliyinin rəsmiləri ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin artımının istehsal amili ilə bağlı olmadığını bildirir. Nazirliyin rəsmisi bəzi bostan məhsullarının bostan üstündə alış qiymətləri ilə bazarda satış qiymətləri arasında bir neçə dəfə fərq olduğunu bildirir. Nazirlik aqrar sahədə islahatların uğurla davam etdirildiyini bəyan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26