Interposta.Info

"Kontak Home"dən açıqlama

Ölkə
 15-06-2019, 20:03     10 589

13.06.2019 tarixində www.kommersant.az saytında və ona istinadən daha bir neçə xəbər saytında “"Kontak Home"dan daha bir fırıldaq – FOTO” başlıqlı xəbər dərc olunmuşdur. Xəbərdə şirkətin fəaliyyəti ilə bağlı əsassız məlumatlar yer alır.

Müəllifin sözlərinə görə xəbərdə adı qeyd olunmayan müştəri “Kontakt Home” mağazalar şəbəkəsindən əldə etdiyi məhsulun (bəyaz əşya) vaxtında quraşdırılmaması ilə bağlı şikayət edir və bununla şirkəti müştəriyə xidmət göstərməkdən imtina etməkdə ittiham edir.

Bundan başqa, xəbər müəllifi şikayətlə bağlı “Kontakt Home”un marketinq şöbəsiylə əlaqə saxlamaq istədiyini, lakin şirkətdən ona belə bir şöbənin və jurnalistlərin suallarını cavablandıracaq səlahiyyətli şəxsin olmadığının bildirildiyini qeyd edib.

Əvvəla, qeyd edək ki, xəbər müəllifi şirkətin Ümumi Çağrı Mərkəzinə zəng edərək marketinq şöbəsinin əməkdaşı ilə əlaqə saxlamaq istədiyini söyləyib. Ümumi Çağrı Mərkəzinin əməkdaşı ona birbaşa şöbələrə yönləndirmənin mümkün olmadığını, təklif və şikayətlərin məhz Çağrı Mərkəzində qeydə alındığını, bundan sonra isə araşdırma aparılması məqsədilə aidiyyəti şöbə və əməkdaşlara yönləndirildiyini bildirmiş, həmçinin müraciətlə bağlı aidiyyati şöbənin e-mail ünvanını təqdim etməyi ona təklif etmişdir.

Lakin müəllif təklifdən imtina edib və qarşılığında rəhbərlik etdiyi saytda və digər kütləvi informasiya vasitələrində “Kontakt Home”la bağlı neqativ məlumat paylaşacağını və “Kontakt Home”u biabır edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, Ümumi Çağrı Mərkəzində baş ofislə və digər şöbələrlə birbaşa bağlantı yaratmaq xidməti yoxdur. Baş ofislə əlaqə saxlamaq üçün şirkətimizin rəsmi saytında əlaqə nömrəsi qeyd olunub.

Lakin Çağrı Mərkəzimizə ünvanlanan müraciət dərhal şirkətin “İrad və təkliflər şöbəsi”nə yönləndirilib və məsələnin aydınlaşdırılması ilə bağlı müraciətçi ilə əlaqə saxlanılıb. Daha sonra müraciətçinin şikayəti araşdırılıb və ittihamlarının həqiqətə uyğun olmadığı aşkarlanıb.

Belə ki, 03.06.2019 tarixində “Kontakt Home”un Xalqlar filialında Nabiyeva Solmaz Valeh qızı adına “HOTPOINT FDFEX 11011 K” markalı qabyuyan sənədləşdirilmişdir. Müştərinin məhsulu prosedur qaydalarına uyğun olaraq 3 iş günü ərzində (daha dəqiq desək, 06.06.2019 tarixində) ünvana çatdırılmışdır, lakin qabyuyan üçün müvafiq yerin hazır olmaması səbəbindən quraşdırılma mümkün olmamışdır. Müştəri məhsulun yeri hazır olduqdan sonra Çağrı Mərkəzinə müraciət edib (bu halda, yenə də prosedur qaydalarına uyğun olaraq, müştərinin öz günahından (yer hazır olmadığından) baş verən hallar əsasında ona daha 3 iş günü gözləməli olduğu bildirilib. Belə ki, əməkdaşlar bütün müştərilərin ünvanlarına növbəli şəkildə yaxınlaşırlar). Əməkdaşımız müştərinin təqdim etdiyi nömrə ilə əlaqə saxlasa da, nömrəyə zəng çatmayıb və buna görə də quraşdırılma gecikib. Qeyd edək ki, bu gün sifariş yenidən əməkdaşımıza verilib və gün ərzində quraşdırılma həyata keçiriləcəkdir.

Göründüyü kimi, şikayət tamamilə əsassızdır, həqiqəti əks etdirmir. Bunu şirkətin imicinə qərəzli şəkildə vurulan ziyan kimi qiymətləndiririk.

Məsələ ilə bağlı KİV-lərdən mövqeyimizi işıqlandırmağı xahiş edir, ““Kontak Home”dan daha bir fırıldaq” başlıqlı xəbərin dərc olunduğu bütün xəbər orqanlarında məsələ ilə bağlı təkzib yazısının dərc olunmasını tələb edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26