Interposta.Info

Yaşlı-başlı efirimizin qeyri-peşəkar “sərbəst”liyi

Ölkə
 6-11-2018, 19:45     10 452

92 yaşlı radiomuzda, 62 yaşlı televiziyamızda sərbəst peşəkarlıqla şitlik arasında sərhədi niyə qarışdırırlar?

Ekspert: “Çox təəssüf ki, bəzən aparıcılar milyonların qarşısında olduqlarını unudurlar və çox bayağı, zövqsüz tryuklar göstərirlər”.

“İndiki şəraitdə televiziya rəhbərlərinin zövqsüzlüyü və bazardan pul qazanmaq istəyinin qabarıq olması səviyyəsiz, ictimai zövqü korlayan aparıcıların meydana çıxmasına səbəb olub”.

Bu sözləri teletənqidçi Qulu Məhərrəmli Azərbaycan televiziyasının mövcud vəziyyətini şərh edərkən müsahibəsində qeyd edib.

Bu gün Azərbaycanda televiziyanın yaranmasının 62, radionun yaranmasının 92-ci ili tamam olur. Belə ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Məlumdur ki, son zamanlar efirlərdə baş verənlər, o cümlədən müğənni, şou-biznes nümayəndələri, aparıcıların bayağı hərəkətləri tamaşaçılarda ikrah hissi doğurur. Ötən illərdən fərqli olaraq, indiki dövrümüzdə cəmiyyət Azərbaycan televiziyasını istər efir, istər dilimizin qorunması və istərsə də, aparıcıların peşəkarlığı baxımdan birmənalı olaraq müsbət hal kimi qarşılamır. Hətta bu baxımdan telekanalların efirində yol verilən mənfi tendensiyalar və qüsurlarla bağlı zaman-zaman Milli Televiziya və Radio Şurasının da sərt reaksiyaları özünü biruzə verir. Bununla yanaşı, bu gün Azərbaycan televizya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı nöqsanların çoxluğu da həllini tapmayan problemlərdən biridir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) televizya kanallarının yaradıcılıq işlərinə müdaxilə etmək kimi səlahiyyəti olmasa da, televizya kanallarının bütün verilişlərdə xalqın, dövlətin mənafeyini hər şeydən uca tutmaqla bağlı bəyanatlar verilir. MTRŞ hesab edir ki, aparıcıların yüksək peşəkarlığının olmaması, geniş dünya görüşünə malik olmamaları, səhnə mədəniyyətinin zəifliyi və Azərbaycan ədəbi dil qaydalarına riayət olunmaması televiziya sahəsinin inkişafına mənfi təsir edən amillərdəndir.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Milli televiziya və radio günü ilə əlaqədar olaraq Pia.az-ın əməkdaşı Azərbaycan televiziyasının mövcud vəziyyəti ilə bağlı teletənqidçi-jurnalist Qulu Məhərrəmli ilə müsahibə hazırlayıb.

"İnterPosta" həmin müsahibəni oxucularına təqdim edir:

Qulu Məhərrəmli: “Bu gün Azərbaycanda elə bir proqram yoxdur ki, auditoriyanın 40-50%-i ona baxsın”.

- Qulu bəy, hazırda Azərbaycan efirinin inkişaf səviyyəsi barədə nə deyə bilərsiniz? Azərbaycan teleradio məkanı peşəkarlıq baxımından sizi qane edirmi və çatışmamazlıqlar nədən ibarətdir?

- Yaxşı cəhət ondan ibarətdir ki, bu gün Azərbaycanda çoxşəbəkəli televiziya və radio sistemi formalaşıb. Özəl, büdcədən maliyyələşən kanallarla yanaşı, müxtəlif radiolar fəaliyyət göstərir. Xüsusilə qeyd edim ki, dövlət xidmətləri sahəsində ixtisaslaşmış ASAN Radio fəaliyyətə başlayıb. Bu nüanslar fonunda tamaşaçının informasiya almaq imkanları çoxalıb.

Lakin televiziyamızda müəyyən nöqsanlar hələ də qalmaqdadır. Bu nöqsanlardan biri tamaşa marağının ödənilməməsi ilə bağlıdır. Tv kanallarımız çox olsa da, cəmiyyətin tələblərini əks etdirə bilmirlər. Tamaşaçılarımız bir növ küskün vəziyyətdədir. Bəzən özəl kanallarda yaxşı verilişlər olur, amma sistemli xarakter daşımır. Bizim tamaşaçılar ilk növbədə, doğru-dürüst xəbər almalıdırlar. Bu sahədə çox ciddi problemlər var. İctimai müzakirə proqramları demək olar ki, yox səviyyəsindədir. Uşaqlar və gənclər üçün maraqlı verilişlər mövcud deyil. Tamaşaçını cəlb edən proqramlar yoxdur.

Bu gün Azərbaycanda elə bir proqram yoxdur ki, auditoriyanın 40-50%-i ona baxsın. Televiziya heç bir təşəbbüslə çıxış edə bilmir və kütləvi verilişlər azalıb. Bunun əksi olaraq, şou proqramlar çoxalıb. Əslində bu vəziyyət çox pis tendensiyadır. Şou proqramlar dünyanın hər yerində var və bu üzrə ixtisaslaşmış kanallar mövcuddur. Ancaq bizdə şou proqramlar tamaşaçını qıcıqlandırıcı səviyyədədir. Bu gün hər küçədən keçən, cəmiyyətdə nüfuzu olmayan insanların efirə çıxışı çoxalıb. Əvvəllər bu cür hallara yol verilmirdi.

Qulu Məhərrəmli: “Televiziya rəhbərlərinin zövqsüzlüyü və bazardan pul qazanmaq istəyinin qabarıq olması səviyyəsiz, ictimai zövqü korlayan aparıcıların meydana çıxmasına səbəb olub”.

Eyni zamanda özəl kanalların çox ciddi problemləri var. Dövlətin büdcədən maliyyələşdirdiyi – AzTv nəzdində 3 kanal, Naxçıvanda televiziya kanalı və İctimai Tv var. Son aylar İctimai Tv-də müəyyən dirçəliş hiss olunur. AzTv universal kanaldır, amma əvvəlki peşəkarlıq səviyyəsindən xeyli geri qalıb. Mədəniyyət Tv-də bəzi yaxşı verilişlər var. Hiss olunur ki, o kanalda peşəkarlar fəaliyyət göstərir.

Təəssüf ki, sistemli yaxşı verilişlər hazırlaya bilmirlər. İdman kanalı mühüm yarışları işıqlandırır, amma ümumilikdə aydın konsepsiyası yoxdur. Əslində dövlət büdcəsindən maliyyələşən televiziyalar öndə olmalıdır və rəqabət mühiti yaratmalıdır.

Son illər tamaşaçıların narazılığı artıb. Bu baxımdan sosial şəbəkələrdə daim tənqid olunurlar. Aparıcıların əksəriyyətinin səviyyəsi lazımi qədər deyil. Xüsusən də şou proqramlarda çox bəsit, məhdud dünyagörüşlü aparıcıların sayı çoxalıb.

- Normalda efir sərbəstliyi şitlik deyil, amma bizim aparıcılarımızda bu sərbəstlik şitlik kimi ortaya çıxır. Azərbaycan şoumenləri, teleradio aparıcıları sərbəst peşəkarlıqla şitlik arasında sərhədi niyə qarışdırırlar? Bu əsasən aparıcıların intellekt və mədəni səviyyələrinin aşağı olması ilə bağlıdır, yoxsa efirdəki mühit onları nəyəsə zorlayır?

- Bizim çox yaxşı şou aparıcılarımız var. Məsələn, Murad Dadaşov bir səviyyədir. Onun nitqi, davranışı yerindədir. Bir zamanlar Space Tv-də İlham adlı bir aparıcı vardı. Familyasını unutmuşam. O, verilişi çox gözəl aparırdı və intellectual səviyyəsi var idi. O vaxtlar Mübariz Tağıyev də aparıcılıq edirdi və tamaşaçılar tərəfindən çox gözəl qarşılanırdı.

İndiki şəraitdə isə televiziya rəhbərlərinin zövqsüzlüyü və bazardan pul qazanmaq istəyinin qabarıq olması səviyyəsiz, ictimai zövqü korlayan aparıcıların meydana çıxmasına səbəb olub. Efirdə olan insanlar müəyyən mənada cəmiyyətə yön verən insanlardır. Təəssüf ki, bizdə belə adamların sayı çox azdır. Televiziya ilk növbədə, ictimai əxlaq və zövqdür. Buna görə də hər adamı bu sahəyə buraxmaq olmaz və televiziya rəhbərləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar. Çox təəssüf ki, bəzən aparıcılar da milyonların qarşısında olduqlarını unudurlar və çox bayağı, zövqsüz tryuklar göstərirlər. Bu isə qəbulolunmazdır.

Qulu Məhərrəmli: “Bizdə şou proqramlar tamaşaçını qıcıqlandırıcı səviyyədədir. Bu gün hər küçədən keçən, cəmiyyətdə nüfuzu olmayan insanların efirə çıxışı çoxalıb”.

-Bilirik ki, prezident İlham Əliyev dilimizin saflaşdırılması barədə fərman imzalayıb. Efir dilinin qüsurları barədə nə deyə bilərsiniz? Xüsusilə müəllif proqramlarında istər radioda, istərsə də telekanallarda dilimizin başına oyun açırlar. Ümumi bir efir dil mədəniyyətinin yaranmasını mümkün hesab edirsinizmi?

- Ümumi efir dilinin yaradılması üçün istək və peşəkarların olmasına ehtiyac var. Eyni zamanda yaxşı menecerlər olmalıdır ki, işləri idarə etsinlər. Bizim televiziya rəhbərlərinin sadəcə bir neçə nəfəri yüksək zövq sahibidir. Qalanları tanınmayan insanlardılar və onlar televiziyaya müsbət heç nə gətirə bilməzlər. Onların gətirdikləri ancaq bayağılıq və bazar davranışlarıdır.

- MRTŞ-nin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? MRTŞ dəfələrlə telekanallara irad tutsa da, xüsusən aparıcıların davranışında müsbətə doğru heç bir inkişaf nəzərə çarpmır. MRTŞ-nin xüsusi davranış kodeksi hazırlamasını normal qəbul edirsinizmi?

- MRTŞ-ni tənqid edənlər çoxdur. Hətta mən də arada tənqid edirəm. Lakin bu məsələlərdə MRTŞ-nın heç bir günahı yoxdur. MRTŞ Azərbaycanda teleradio yayımı çərçivəsində dövlət siyasətini tənzimləyir. O, detallara girmir. Ancaq bəzən bu və ya digər səbəblərdən dolayı MRTŞ müdaxilə edir. Hesab edirəm ki, insanları efirə çıxmadan öncə təlimatlandırmaq lazımdır. Ancaq bizdə bunun əksi edildiyinə görə müəyyən problemlər yaranır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26